(Bu post ancaq Opera faydalananlara mexsusdur)
“Ölkədə mobil rabitənin tarifləri yüksəkdir və dövlət bu sahədə qiymətlərin endirilməsi məsələsi ilə məşğul olur”. Bu barədə məlumatı dünən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərlə söhbətində deyib. Nazirin sözlərinə görə, mobil rabitə tariflərinin yüksək olması Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin məsuliyyətidir. Ə.Abbasov bildirib ki, onlar artıq tariflərin aşağı salınması ilə bağlı Tarif Şurasına təkliflər planı hazırlayıb göndəriblər, nəticəsi yaxın günlərdə bəlli olacaq.
Xeyli müddətdir ki, haqqında danışılan mobil rabitə bazarına növbəti, üçüncü operatorun gətirilməsi məsələsinə gəlincə, nazir deyib ki, bu məsələ hələ ki, gündəmdə deyil.
Ə.Abbasov hesab edir ki, 3-cü operator olmadan da rabitə tariflərini endirmək olar. Nazir ölkədə internet, beynəlxalq və şəhərlərarası danışıq tariflərinin yüksək olduğunu dilə gətirib. Ə.Abbasov bu qiymətlərin yaxın vaxtlarda aşağı salınacağını da istisna etməyib. Nazirlik bu qiymətlərin də endirilməsi ilə bağlı təkliflərin Tarif Şurasına təqdim olunacağını deyib.
Xatırladaq ki, hazırda ölkənin mobil rabitə bazarında iki operator – “Bakcell” və “Azercsell” fəaliyyət göstərir. Bir müddət əvvəl “Bakcell”in 51 faiz dövlət payının özəlləşdirilməsi başa çatıb.
Artıq “Bakcell” tamamilə İsrailin GTIB-96 şirkətinə məxsusdur. “Bakcell”in özəlləşməsindən dövlət büdcəsinə 5,5 milyon dollar vəsait daxil olub. Hazırda şirkət mobil rabitə bazarının 30 faizinə nəzarət edir və 250 000-dək abonenti var. Digər böyük operator olan “Azərcell”in özəlləşməsi isə cari ilin sonunadək başa çatacaq.