Azərbaycan Respublikası Milli Bankı xatırladır ki, “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası ) haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli Fərmanının tələbinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyun 2005-ci il tarixli qərarına uyğun olaraq 2005-ci il Oktyabrın 1-dən etibarən 2006-cı ilin dekabrın 31-dək (həmin gün daxil olmaqla) bütün dövlət orqanları və təşkilatları, habelə mülkiyyət və təşkilati–hüquqi formasından asılı olmayaraq bütün təsərrrüfat subyektləri dövlət tərəfindən tənzimlənən qiymətlər və tariflər də daxil olmaqla ölkədə malların, xidmətlərin və işlərin bütün topdansatış və pərakəndə satış qiymətlərini köhnə və yeni manatla göstərməlidirlər.
Bu zaman 1 yeni manat (1 AYM) köhnə 5000 manata (5000 AZM) bərabər tutularaq bütün qiymət kağızlarında və cədvəllərdə, eləcə də reklamlarda qiymət və tariflər eyni zamanda həm köhnə, həm də yeni miqyasda göstərilməlidir. Yəni, 5000 manat = 1 yeni manat (5000 AZM=1 AYM)
Məsələn: 1000 manat dəyərində olan çorəyin yeni manatla qiyməti 20 qəpik kimi, nəqliyyatda 500 manatlıq gediş haqqı -10 qəpik kimi, 1800 manata olan 1 litr Aİ93 markalı benzinin qiyməti -32 qəpik kimi göstərilməlidir.
Yeni qiymətlər hesablanarkən qəpiyin kəsr hissəsi əmələ gəldikdə tam qəpiyədək yuvarlaqlaşdırılmalıdır. Əgər qəpiyin kəsr hissəsi yarım qəpikdən az olarsa məbləğ tam qəpiyədək azaldılmalı, bu hissə yarım qəpiyə bərabər və daha çox olduqda məbləğ tam qəpiyədək artırılmalıdır. Məsələn: əgər hər hansı malın və ya xidmətin qiyməti 53, 4 qəpikdirsə bu zaman qiymət 53 qəpik kimi, yaxud 53, 6 qəpikdirsə, 54 qəpik kimi göstərilməlidir.
Yeni qiymətlər miqyasında dəyərlərin rəqəmlə ifadə olunması zamanı minlikləri ayırmaq üçün “nöqtə”, manatla qəpiyi ayırmaq üçün isə vergül istifadə olunmalıdır. Məsələn: 10, 50 manat (on manat əlli qəpik), 25.500 manat (iyirmi beş min beş yüz manat) və s.
Malların və xidmətlərin üzərində ikili qiymətləri göstərməyən təsərrüfat subyektləri, fiziki və hüquqi şəxslər qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Milli Bankı
прислали по почте.
